Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.
ANS PRESS-in Türkiyə bürosunun verdiyi məlumata görə, Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
İlham Əliyev Ankarada baş verən terror aktına görə, türkiyəli həmkarına başsağlığı verib.
Prezidentlər səfər tarixinin dəyişdirilməsi barədə razılığa gəliblər.
Ankarada axşam terror aktı törədilib. Partlayışın hədəfi silahlı qüvvələrin Baş qərargahının yüksək rütbəli zabitlərini hərbi şəhərciyə daşıyan iki servis avtobusudur.
Terror aktı nəticəsində ilkin məlumatlara görə 28 nəfər ölüb, 78 nəfər yaralanıb. Partlayış nəticəsində ətrafdakı maşınlara da ciddi ziyan dəyib. Terror aktı Ankaranın mərkəzində, Böyük Millət Məclisinin binasının təxminən 1 kilometrliyində baş verib.
Hərbçiləri daşıyan avtobuslar Dövlət Məhəlləsində hərbçilər üçün nəzərdə tutulmuş qapalı şəhərciyə gedirmiş. Ehtimal olunur ki, avtobusdakılar Baş qərargahın işdən sonra evlərinə gedən zabitləri olub.
Ankara valisi Mehmet Kılıclar terror aktı nəticəsində azı 18 nəfərin həlak olduğunu təsdiqləyib, lakin ölənlərin kimliyi haqda məlumat verməyib.
“Türk Silahlı Qüvvələrinin personalını daşıyan servis avtobuslarına İnönü Bulvarındakı yol qovşağında işıqfırda gözlədikləri vaxt alçaqcasına terror hücumu həyata keçirilib. Terror hücumunda həyatını itirən silah arkadaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralı qəhrəman silah və çalışma arkadaşlarımıza, ailələrinə səbr arzu edirəm”-vali bildirib.
Terror hücumu ilə bağlı baş nazir Əhməd Davudoğlu Brüsselə səfərini təxirə salıb. Prezident Rəcəb Tayyib Ərdoğanın isə sabah Bakıya səfəri nəzərdə tutulub. Hələlik Ərdoğanın səfərinin təxirə salındığına dair informasiya yoxdur.
"Reuters"ə açıqlama verən yüksək vəzifəli Türkiyə rəsmisi isə bildirib ki, terror hücumlarını PKK törədib. Bununla belə Türkiyənin cənub-şərqindəki təhlükəsizlik rəsmiləri terrorun İŞİD tərəfindən törədildiyini ehtimal etdiklərini deyiblər.
No comments:
Post a Comment