Monday, February 15, 2016

Kredit faizləri arta bilər

Mərkəzi Bankın yeni qərarı ölkədə kredit faizlərinə və şərtlərinə təsir edəcək.
Azərbaycan manatı
Azərbaycan manatı
Mərkəzi Bankın uçot dərəcəsini 3%-dən 5%-dək qaldırması ölkədə iqtisadi inflyasiyanın qarşısını almağa yönəlib." Bunu ANS PRESS-ə açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev deyib. Onun sözlərinə görə, son vaxtlar ölkənin əsas bankı  buna xüsusi diqqət yetirir. Faiz dərəcəsinin artırılmasının müsbət tərəfi ondan ibarətdir ki, bu, əhalinin iqtisadi fəallığının azaldılması hesabına inflyasiyanın qarşısını almaq məqsədi daşıyır”.
 Amma iqtisadçının sözlərinə görə, bu qərarın bir sıra mənfi təsirləri də olacaq:
"Mərkəzi Bankın bu addımı məhdudlaşdırıcı xarakter daşıyır. Onu deyə bilərəm ki, bu, çox ziddiyyətli qərardır. Bunun ciddi şəkildə müzakirəsinə ehtiyac var. Çünki hazırkı vəziyyətdə sahibkarların işini asanlaşdırmaq, onların yeni iş yerləri açmasına şərait yaratmaq lazımdır. Buna görə də kreditlərin ucuz faizlərlə verilməsi lazımdır. Belə olan halda kreditləri əlçatan etmək lazımdır.”
İqtisadçı hesab edir ki, uçot dərəcəsinin artırılması bankların kredit faizlərini qaldırmasına şərait yaradacaq.  Bu isə öz növbəsində kredit şərtlərinin məhdudlaşmasına səbəb olacaq. Ancaq hazırkı şəraitdə qiymətlərin aşağı salınması daha məqsədəuyğun olardı.
Hazırkı böhran şəraitində ölkədə istehsal şəraitini inkişaf etdirmək, qeyri neft sektorunu gücləndirmək əsas hədəf olmalıdır. Bu sahədə iqtisadi artımı gücləndirməyə ciddi  ehtiyac var.
Mərkəzi Bank bu gün uçot dərəcəsini 5%-dək qaldırıb. Bankın məlumatına görə, əsas məqsəd milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaqdır.
Eyni zamanda valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlərin təklif olunması, eləcə də dövlət tərəfindən milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirilməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir göstərməkdədir.
Azərbaycan Respublikası Mərkəzi Bankı
Azərbaycan Respublikası Mərkəzi Bankı


Mənbə: http://www.anspress.com/iqtisadiyyat/15-02-2016/kredit-faizleri-arta-biler