Wednesday, February 24, 2016

Azərbaycanın gəlirləri və xərcləri açıqlandı

Bu il gəlirlər 16, məxaric isə 18 milyard manatdan çox olacaq.
50 manatlıq əsginaslar
50 manatlıq əsginaslar
Azərbaycan Milli Məclisi bu gün keçirdiyi plenar iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihələrinə dəyişiklikləri təsdiqləyib. 
Yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri isə 18 mlrd. 495 mln. manat nəzərdə tutulub.  Yenidən baxılma ilə 2016-cı il icmal büdcənin gəlirləri 15738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Dövlət büdcəsinin kəsiri 1,673 milyard manat təşkil edəcək.
Büdcə gəlirlərinin 7 615,0 mln. manatı və ya 45,3%-i Dövlət Neft Fondundan (ARDNF) transfertin, 7 010 mln. manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 810,0 mln. manatı və ya 10,7%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 387,0 mln. manatı və ya 2,3%-i sair daxilolmaların payına düşür. Büdcə daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə gəlirlər 7 597,0 mln. manat və ya 45,2% nəzərdə tutulur.
2016-cı il dövlət büdcəsinin təsdiqlənmiş versiyasında büdcənin gəlirləri 14,566 mlrd. manat, xərcləri isə 16,264 mlrd. manat səviyyəsində olacağı nəzərdə tutulmuşdu.

Milli Məclis
Milli Məclis
Qanun layihəsini maliyyə naziri Samir Şərifov təqdim edib. Nazir bildirib ki, sözügedən düzəlişlər dünyada baş verən iqtisadi proseslərlə bağlıdır. Həmçinin təlatümlü vəziyyət enerji daşıyıcıları bazarında təklifin tələbi üstələməsi və iri dövlətlər tərəfindən neftə olan tələbatın xeyli azalması ilə əlaqədardır. Bu isə inkişafda olan neft ölkələri üçün mənfi amillər yaradır. 

Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/23-02-2016/azerbaycanin-gelirleri-ve-xercleri-aciqlandi

No comments:

Post a Comment