100 manatlıq əsginaslar
Son bir həftə ərzində neftin qiyməti 40 dollar ətrafında dəyişməkdə davam edir. ANS PRESS-in məlumatına görə, hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 40 dollar 30 sent təşkil edir. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,22 dollar bahalaşaraq 40,57 dollar təşkil edib.
Son 2 həftə ərzində dünya bazarlarında neft qiymətinin ardıcıl olaraq artması isə ekspertləri yeni pronozlar verməyə sövq edir. Sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifovun sözlərinə görə, artıq iki ilə yaxındır ki, neftin qiymətinə kifayət qədər təsir edə bilən siyasi səbəblər mövcuddur. Onlar hələ də bu qiymətə öz təsirini göstərmək iqtidarındadırlar. "Geosiyasi münaqişələrdə üstünlük qazanmağa, qarşı tərəfi iqtisadi cəhətdən çökdürməyə hesablanmış bu addımlar onun müəlliflərinə gözlənilən “səmərəni” tam verə bilmədi. Digər tərəfdən, siyasi səbəblərə söykənib neftin qiymətini çox uzun müddət üçün aşağı səviyyədə saxlamaq özü də real deyildi”, - deyə iqtisadçı bildirdi.
Fikrət Yusifov qeyd etdi ki, ABŞ-a tərəfdaş olan Səudiyyə Ərəbistanı kimi müttəfiqlər belə bir müddətdən sonra “yersiz itkilərdən” yaxa qurtarmağa üz tutacaqlar və artıq, demək olar ki, onlar bunu etməyə çox yaxındırlar.
“Hələlik isə bu ətrafda siyasi manevrlər edirlər. Odur ki, neftin qiymətinin tədricən qalxmasının real və çox təbii əsasları ortadadır. Belə olan halda Federal Ehtiyat Sisteminin uçot dərəcəsini dəyişməsi və ya hər hansı başqa bir manevrlər etməsi vəziyyətə ciddi təsir edə bilməyəcək və belə addımların təsiri getdikcə zəifləyəcək”, - deyə iqtisadçı bildirdi.
Fikrət Yusifov - iqtisadçı
Neft qiymətinin aşağı olması həmçinin iqtisadiyyatının əsas hissəsi neftdən aslı olan Azərbaycan, Türkmənistan, Qazaxıstan və digər dövlətlərin də milli valyutalarının dəyərinə təsirsiz ötüşmür. Əlbəttə, “qara qızıl”ın qiymətinin yüksələn xətt üzrə qalxması neftdən asılı olan dövlətlərin maliyyə gəlirlərini artırır.
Fikrət Yusifovun sözlərinə görə, neftin qiymətinin qalxmasının davam edəcəyi təqdirdə dolların ucuzlaşması labüddür. Dolların ucuzlaşması isə milli valyutalara, o cümlədən Azərbaycan manatının bahalaşmasına da öz təsirini göstərəcək. Lakin kəskin bahalaşma gözlənilmir.
"Neftin qiyməti bunu etməyə imkan versə belə buna getmək olmaz. Baş verə biləcək proseslərdə manatın məzənnəsinin sabit qalmasına çalışmaqla yanaşı, xarici valyutada kredit götürən vətəndaşların məzənnə fərqi şəklində yaranmış manat yükü problemini həll etməyin yollarını tapmaq lazımdır. Bu səbəbdən manatın məzənnəsinin bugünkü səviyyəsi (bir qədər aşağı, bir qədər yuxarı) normal hesab edilməlidir. Bu səviyyədə olan manat ölkədə daxili istehsalın həcminin artırılmasına, qiymətlərin optimallaşdırılmasına, ixrac potensialının isə əsaslı şəkildə gücləndirilməsinə şərait yaradacaqdır”, - deyə Fikrət Yusifov bildirdi.
2004-cü ildən bəri neftin ən aşağı qiyməti 2015-ci ilin dekabr ayında qeydə alınıb. Həmin vaxt qiymətlər 27- 30 dollar arasında dəyişirdi. Neftin qiymətinin enməsi isə istər-istəməz Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. İqtisadi gəlirlərin azalması səbəbindən Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu isə dolların kəskin şəkildə ucuzlaşması ilə nəticələndi. Devalvasiyasının baş verməsinə əsas səbəb kimi neft qiymətlərinin enməsi göstərilir.
Neftin bu günə olan qiyməti
İqtisadçı qeyd edir ki, neft qiymətlərinin bazarda onun həcminin tələb olunandan artıq olması ilə deyil, məhz siyasi amillərlə, ABŞ Federal Ehtiyat Sistemi tərəfindən nizamlandığı əsaslandırılmağa çalışılır. Ümumilikdə, ABŞ-nin neft sənayesinin bugünkü ziyanlı fəaliyyətinin bundan sonra da illərlə davam etdirmək istəyində və gücündə olması real görünmür.
ABŞ-nin düşünən beyinləri artıq bu reallıqların fərqinə varmağa başlayıblar. Reallıq isə budur ki, neft hasil edən ölkələr onun satışından istədikləri qazancı əldə etmək üçün bütün zəruri addımları atacaqlar. Son hadisələr göstərir ki, münaqişə meydanlarında müəyyən qədər sakitliyin yaranması, neft sənayesinə artıq iki ilə yaxındır ki, lazımi yatırımların edilməməsi səbəbindən onun hasilatının azalması təhlükəsinin yaxınlaşması, dünya neftinin 70%-dən çoxunu hasil edən ölkələrin bir məqsədlə - hasilatı sabit saxlamaq və lazım gələrsə, onu bir qədər azaltmaq məqsədilə bu ilin mart ayının 20-də Moskvadatoplanması kimi amillərin mövcudluğu neftin qiymətlərində son müsbət dəyişikliklərin əsasını təşkil edir.
Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/09-03-2016/neftin-bahalsamasi-milli-valyutanin-mezennesine-tesir-edecek
No comments:
Post a Comment