Bakı bulvarı
Bakıya rəsmi səfəri bu gün başa çatmış Macarıstan baş naziri Viktor Orbanmüstəqillik dövrünün ilk illərindən çıxılmaz vəziyyətə düşmüş Azərbaycanın dünyada hamını qısqandıra biləcək inkişaf yolu keçdiyini söyləyib.
ANS PRESS-in məlumatına görə, bu gün martın 6-da Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edən Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, 1990-cı ildən bəri Macarıstan parlamentinin üzvü olduğuna görə, 1990-1991-ci illərdə və sonrakı illərdə Azərbaycandakı vəziyyətlə yaxından tanış olub.
“Mən yenidən Sizin ölkənizə səfər edərkən gördüm ki, hərtərəfli inkişaf təmin edilir. Tarixi kitablarda bu haqda nə vaxtsa yazsalar, bu dövrü məhz xüsusi inkişaf dövrü kimi təsvir edəcəklər. Çünki Azərbaycan demək olar ki, çıxılmaz bir vəziyyətdən inkişaf etməyə başladı. Hətta deyərdim ki, bütün dünyada hamı buna qısqanclıqla yanaşırdı”,- deyə Macarıstan baş naziri vurğulayıb.
Macarıstanın baş naziri Viktor Orban
Onun sözlərinə görə, bu nailiyyətlər üçün çox vaxt tələb olunur və bu uğurlarda xalqın dəstəyi, həmçinin digər amillər mühüm rol oynayır: “Lakin bu halda, təbii ki, liderlərə böyük ehtiyac duyulur. Həmin liderlər ölkəni xüsusi bir yolla irəliyə doğru aparırlar”.
Viktor Orban bildirib ki, Azərbaycanın nəhəng inkişaf templəri var və bu, Azərbaycanın, ümumiyyətlə, Azərbaycanda rəhbər şəxslərin, xalqın böyük səyləri nəticəsində baş verir: “Lakin dünyada uğurları hər zaman belə asancasına etiraf etmirlər. Burada bir çox səbəblər ola bilər. Yorulmaz fəaliyyət və uğur özünü gec və ya tez büruzə verir. Mən bunu Azərbaycanda görürəm”.
Macarıstan baş naziri son 2-3 il ərzində Azərbaycanın mövqeləri, çəkisi gözəçarpan dərəcədə artdığını vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı perspektivindən Azərbaycana baxdıqda sabit, uğurlu inkişafını təmin etmiş ölkə görünür: “Bu da Şərq ilə Qərb arasında uzunmüddətli əməkdaşlığa verdiyiniz töhfənizlə bağlıdır. Biz elə bir ölkə görürük ki, onun çox zəngin milli mənəvi ənənələri var. Bununla belə, bu ölkə, eyni zamanda, Avropa dəyərlərinin xüsusi elementlərini də nəzərdən keçirir. Bu, əvəzedilməz bir zənginlikdir. Məhz bu səbəblərə görə son 2-3 il ərzində ölkənizin nüfuzu artıb”.
Viktor Orban və İlham Əliyev mətbuata bəyanatla çıxış edirlər
Macarıstanın Baş naziri Viktor Orban martın 5-də Azərbaycana rəsmi səfərə gəlib. Onun bu gün Azərbaycan prezidenti İlham Əliyevlə əvvəlcə təkbətək daha sonra geniş tərkibdə görüşü olub.
Bu gün həmçinin baş nazirin səfəri çərçivəsində Bakıda Azərbaycan-Macarıstan biznes-forumu keçirilib.
Azərbaycan baş naziri Artur Rasizadə və Macarıstanın baş naziri Viktor Orban arasındakı görüş zamanı ölkələr arasında iqtisadi, investisiya yatırımı, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sonra sənədlər imzalanıb. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Macarıstanın milli iqtisadiyyat naziri Mihali Varqa imzalayıblar.
“Azərbaycan RespublikasınınRabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Yüksək Texnologiyalar Ekosistemi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.
“Macarıstanın Semmelveis Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu”nu Semmelveis Universitetinin rektoru Aqostan Szel və Azərbaycan Tibb Universitetinin rektor əvəzi Sabir Əliyev imzalayıblar. “Lənkəran Dövlət Universiteti və Kapoşvar Universiteti arasında Anlaşma Memorandumu”nu bu ali məktəblərin rektorları Asəf İsgəndərov və Ferents Savai imzalayıblar.
http://www.anspress.com/siyaset/06-03-2016/butun-dunyani-qisqandiran-azerbaycan
No comments:
Post a Comment