Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi
"Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin inşasında gecikmələri geridə qoyacaq tədbirlər görmüşük və 2016-cı ilin sonundan etibarən qatarlar hərəkətə başlayacaq". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım deyib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində arzuolunmaz gecikmələr yaşanıb. Ancaq layihənin tamamlanması üçün heç bir maneə qalmayıb.
Nazir bu dəmir yolunun tamamlanması ilə birlikdə Avropa ilə Uzaq Şərq arasında Qafqazdan keçməklə birbaşa bağlantı olacağını deyib. "Bu ancaq Azərbaycan, Türkiyə və ya Gürcüstanın layihəsi deyil. Bu, eyni zamanda bütün Uzaq Şərq, Mərkəzi Asiya və Avropanın ortaq layihəsidir. Bu halqanı tamamlamasaq, tarixi İpək yolu yarımçıq qalar".
B.Yıldırım xətlə ilk olaraq yük, sonra sərnişin daşınacağını deyib.
Binali Yıldırım - Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri
2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.
BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmir yolu vasitəsilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tiflis-Qars dəmir yolu Bakı-Tiflis-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.
Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/09-03-2016/baki-tiflis-qarsda-hec-bir-engel-qalmadi
No comments:
Post a Comment