Azərbaycanda qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Fəxrəddin Xurşidovun gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, Fəxrəddin Xurşidovun əməllərinin üstü qohumunun polisə şikayətindən sonra açılıb. Belə ki, onun yaxın qohumlarından biri polis idarəsinə şikayət edərək F. Xurşidovun onun qızını Türkiyəyə aparmaq istədiyini bildirib. Aparılan araşdırmalar nəticəsində həmin şəxs doğrudan da şikayətçinin qızını Türkiyəyə apararkən Astara Gömrük İdarəsində saxlanılıb. Hadisəni törədən şəxs gömrükdə tutularaq istintaqa cəlb edilib.
Ölkə ərazisində sonuncu dəfə qadınları “satan” şəxs yanvar ayının 26-da tutulub. Belə ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Şəhla Orucovanın digər şəxslərlə birgə gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Orucova tutulub.
Mənbə: ANSPRESS
http://www.anspress.com/hadise/29-02-2016/qohumunu-turkiyede-satmaq-isteyen-sexs-tutuldu
No comments:
Post a Comment