Thursday, March 3, 2016

Azərbaycanda gül istehsalının tənəzzül səbəbləri

Ölkəmizdə gül istehsalını artırsaq, qiymətlər 3 dəfə ucuzlaşa bilər.
Mağazada güllər
Mağazada güllər
Bir neçə gündən sonra  Beynəlxalq Qadınlar Günüdür. Artıq bütün dünya bu bayrama hazırlaşır. Həmin gün münasibətilə qadınlara verilən ən dəyərli hədiyyə isə güldür. ANS PRESS-in məlumatına görə, bir çox ölkələrdə gülə tələbat daxili istehsal  hesabına ödənsə də Azərbaycan gülləri daha çox idxal edir. Çünki ölkəmizdə gülçülük çox zəif inkişaf edir. Bəs buna səbəb nədir? Axı vaxtilə Azərbaycan nəinki özünü gül ilə təmin edib, hətta xarici bazarlara da ixrac edib. Bu gün isə Azərbaycana güllər ən çox HollandiyaFransa,İspaniyaİran və Türkiyədən gətirilir.
Niderland, İspaniya, Fransa, Türkiyə və İran
Niderland, İspaniya, Fransa, Türkiyə və İran
Nəbatət bağının gül-çiçək laboratoriyasının şöbə müdiri Asəf İsgəndərov deyir ki, ölkəmizdə gül istehsal etmək üçün hər cür şərait var. Amma bu sahə ilə məşğul olmağa  heç kimin marağı yoxdur.
"Gül sahəsini inkişaf etdirmək üçün buraya maya qoymaq lazımdır, amma bunu  edən yoxdur. Bu gün respublikada az sayda gülçülük təsərrüfatı var, onlardan biri də Botanika bağındadır. Amma heç kim gəlib gülü bizdən almır. Hamı gedib xarici ölkədən gətizdirir. Əgər bizə sifariş versələr, biz nə qədər lazımdırsa, onları güllə təmin edə bilərik”, - deyə biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov bildirdi. 
Asəf İsgəndərov - Botanika bağının şöbə müdiri
Asəf İsgəndərov - Botanika bağının şöbə müdiri
Laboratoriyanın aqronomu Rafiq Əliyevin sözlərinə görə, Nəbatət bağında 540 növdə qızılgül var. Xarici ölkədən 800 hibrid gətirib 24 sot seleksiya (calaq) etmişik. Bu növlərdən respublikada yalnız bizdədir. Həmin 24 növdən üç qızılgül isə ötən ilin may ayında patent də alıb”.
Botanika bağında əkilən qızılgül növləri
Botanika bağında əkilən qızılgül növləri
Bakı kəndlərindən birində gül təsərrüfatı ilə məşğul olan Nadir Hüseynquliyev  də   bu sahənin zəif inkişaf etdiyini təsdiqlədi: “Sovet dövründə təkcə Bakıda əkilən güllərlə, nəinki Azərbaycanı, bütün Sovet ölkələrini təmin edə bilirdik. Bu gün isə heç kim yerli gülləri bəyənmir, xaricdən gətizdirir. Amma xarici ölkələrdən gətirilən güllər buradakı iqlim şəraitinə öyrəşə bilmədikləri üçün tez məhv olurlar. Burada əkilən güllər təbii şəkildə əkildiyi üçün istənilən vaxt onları bir yerdən çıxarıb, başqa bir yerdə əkmək olar”.
Dibçək gülləri
İstixana gülləri
Nadir Hüseynquliyev onu da əlavə etdi ki, gülçülüyün inkişafına mane olan səbəb qaz problemidir. “Biz gülləri parnikdə əkirik. Bunun üçün daim qazımız olmalıdır. Amma çox vaxt qaz günlərlə kəsilir, əkdiyimiz güllər də soyuqdan ölür. Əziyyətimiz boşa gedir, odur ki, çoxu pul sərf edib bu təsərrüfatla məşğul olmur, qorxuruq ki, ziyana gedər”.
Paytaxtda fəaliyyət göstərən gül mağazalarından birində olduq və öyrəndik ki, orada nərgiz gülündən başqa, bütün güllər Hollandiya və Ekvadordan gətirilir. Hətta ölkəmizdə yetişdirilən qələnfili də Türkiyədən alırlar.
Mağazaların birində satılan güllər
Mağazaların birində satılan güllər
Araşdırma nəticəsində məlum oldu ki, ölkəmizdə istehsal olunan güllərlə xarici ölkədən gətirilən güllərin satış qiymətində xeyli fərqlər var:
Yerli və xarici güllərin qiymətləri
Yerli və xarici güllərin qiymətləri

"Ötən ilin 70-ci illərində Bakı nəinki Azərbaycanı, hətta bütün Sovet İttifaqını güllə təmin edib"

Respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı Şəki-Zaqatala bölgəsində  yaradılıb. Ötən əsrin 70-ci illərində isə Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Ən çox gülçülük sovxozları Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda fəaliyyət göstərib. Bakı kəndlərində bu sahələr  həm Azərbaycanı, həm də keçmiş Sovet İttifaqını güllə təmin edib. Lakin Sovet İttifaqı dağıldıqdan sonra gülçülük təsərrüfatları da geriləməyə başlayıb.
Xarici ölkələrdə  gül istehsalı   iqtisadiyyatın aparıcı sahələrindən biridir. Dünya təcrübəsində bəzək bitkiləri sektoru  kəsilmiş çiçəklər, daxili məkanı bəzəyən bitkilər, xarici məkanı bəzəyən bitkilər və yabanı soğanaqlı çiçək bitkiləri (lalə, zambaq, nərgiz və s.)  siniflərinə bölünür.
Dünyada kəsilmiş güllərin ixracında  Hollandiya, Kolumbiya, Ekvador, Keniya,ZimbabveZambiyaTailand ön sıradadır. Dibçək güllərinin ixracında isə Hollandiya (48%), Danimarka (16%), Belçika (10%) ilk sıralarda gəlir. 
Dibçək güllərinin ən çox ixrac edildiyi ölkələr
Dibçək güllərinin ən çox ixrac edildiyi ölkələr
Belə nəticəyə gəlmək olar ki, hazırda Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur. Bunlara maliyyə çatışmazlığı, bu sahəni bilən savadlı kadrların azlığı, bazarlarda xaricdən gətirilən güllərin üstünlük təşkil etməsi və digər amillər aiddir.  Amma bu çatışmazlığı aradan qaldırmaq və bacardığımız qədər ilbəil gül istehsalını artırmaq mütləqdir. Çünki bu zaman satılan güllərin qiyməti də indiki qiymətdən xeyli aşağı olar.

Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/02-03-2016/azerbaycani-xarici-olkeden-asili-qoyan-sahe

No comments:

Post a Comment