O deyib ki, prezidentin aydın və dərin düşünülmüş iqtisadi islahat konsepsiyası var. Bu konsepsiya dörd əsas istiqaməti əhatə edir.

Birinci istiqamət maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpa olunması, eyni zamanda bu sahədə maliyyə intizamının möhkəmləndirilməsidir. "Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Bu, ümumi daxili məhsulun həcmindən daha böyük rəqəmdir. Belə bir strateji ehtiyatlara malik olan dövlət təbii ki, heç bir maliyyə çətinliyi çəkə bilməz. Amma maliyyə resurslarından düzgün, səmərəli istifadə və maliyyə resurslarını sonradan əlavə dəyərə çevrilməklə ümumi daxili məhsulun həcminin artırılmasında iştirak prinsiplərinin tənzimlənməsi prezidentin müəyyən etdiyi ən prioritet istiqamətdir. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məqsədlə yaradılıb. Palatanın bütün təşkilati məsələləri fevral ayında həll olunacaq, normativ hüquqi aktlar hazırlanıb qəbul ediləcək". 


Manat - dollar


N.Əmirov deyib ki, bu, digər üç istiqamət üzrə islahatların həyata keçirilməsini dəstəkləyən və eyni zamanda təmin edən amil kimi çıxış edəcək.

İkinci əsas istiqamət ixracın stimullaşdırılmasıdır. İxracın təşviqi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin nəzdində AZPROMO fəaliyyət göstərir. "Azərbaycan iqtisadiyyatı bu çağırışlara cavab verməlidir. Bunun üçün prezident ixracı təşviq edəcək, stimullaşdıracaq bir qurumun yaradılması və onun konsepsiyasının hazırlanması barədə tapşırıq verib. Əslində bunun əsas konturları hazırdır. Beynəlxalq ekspertlər cəlb edilməklə bunun yekunlaşdırılması işləri görülür. Bu qurum həmin konsepsiyanın tələblərinə uyğun olaraq, ilk növbədə, qonşu ölkələrin iqtisadiyyatının tərkibini, strukturunu araşdıracaq, həmçinin Azərbaycanın qonşu ölkələrin bazarlarına hansı məhsulları ixrac edə biləcəyini müəyyənləşdirəcək. Məhz bundan sonra biz daxildə həmin istehsalı təşviq edəcək siyasəti həyata keçirəcəyik. Bütün bunlardan məqsəd ölkəmizi inkişaf etdirmək, “Made in Azerbaijan” brendinin tanıdılmasına nail olmaqdır. Bunun üçün investorların cəlb edilməsi nəzərdə tutulur. İnvestorların cəlb edilməsi üçün prezident yeni özəlləşdirmə proqramının hazırlanması barədə aidiyyəti qurumlara tapşırıq verib. Hazırda beynəlxalq ekspertləri cəlb etməklə həmin özəlləşmə proqramının hazırlanması üzərində iş gedir".


Natiq Əmirov - prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi 


O deyib ki, prezident bu özəlləşdirmə proqramının indiyədək mövcud olan proqramlardan kəskin şəkildə fərqlənməli olması barədə göstəriş verib. Yəni bu proqram çərçivəsində özəlləşdirilən obyektin, istehsalat müəssisəsinin və yaxud hər hansı digər obyektin özəlləşdiriləndən sonra aktiv fəaliyyətini təmin edəcək investisiya proqramları olmalıdır. Yeni özəlləşmə proqramı beynəlxalq tələblər çərçivəsində hazırlanacaq və şəffaf şəkildə ictimaiyyətə təqdim olunacaq.

"Üçüncü əsas istiqamət daxili bazarın formalaşdırılması və idxaldan asılılığa son qoyulmasıdır. Bu, çox mühüm istiqamətdir. Artıq yanvar ayından etibarən Azərbaycanın idxal prosesləri, gömrük orqanları tərəfindən idxal mallarının rəsmiləşdirilməsində şəffaflıq və bu istiqamətdə digər müvafiq orqanlarda atılan addımlar sahibkarlıq mühiti üçün çox əlverişli bir şərait yaradıb. Ancaq idxal mallarının kütləvi şəkildə Azərbaycana daxil olması artıq bizim yerli istehsalçıları narahat etməyə başlayıb. Bu gün çoxlu sayda yerli istehsalçı müraciət edir və onların idxal malları ilə rəqabətini tənzimləyəcək qaydaların yaradılmasını xahiş edir. Yerli istehsalın təşviqi, stimullaşdırılması və idxaldan asılılığın azaldılması bu gün qarşıda duran başlıca vəzifədir. Ancaq prezidentin qeyd etdiyi kimi, biz xarici bazarlardan Azərbaycana daxil olan idxal mallarını məhdudlaşdırmaqla yerli istehsalı inkişaf etdirə bilmərik. Belə halda rəqabət aradan qalxar və yerli istehsalçılarda bir növ arxayınlıq yaranar. Məqsəd sağlam rəqabəti inkişaf etdirməkdir. Daxili istehsalda rəqabəti inkişaf etdirmək, yerli bazarı qorumaq üçün bir sıra mühüm tədbirlər görüləcək". 

Dövlət başçısının köməkçisinin sözlərinə görə, indi elə bir yeni sistem hazırlanır ki, kənd təsərrüfatı məhsulu istehsalçılarına hətta bir il əvvəldən dövlət öz sifarişlərini verəcək. Bunun çox böyük üstünlükləri var. Çünki sahibkar biləcək ki, yetişdirdiyi məhsulu bazarda tam sata bilmədikdə qalan hissəni dövlət ondan alacaq. Yəni dövlət – büdcə təşkilatları və digər təşkilatlar alıcı qismində çıxış edəcək. Hazırda bu mexanizm üzərində iş gedir. Bu proses çox şəffaf, internet üzərindən olacaq. 

"Dördüncü əsas istiqamət sahibkarlığın inkişafına dövlət dəstəyinin prioritet istiqamət olduğunu təsdiq edir. Dövlət bütün bürokratik əngəlləri aradan qaldırır, sahibkarlara hər cür kömək göstərir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi iqtisadi islahatlar ölkənin yeni inkişaf hədəflərinə hesablanıb".